Təcrübə sahələrində keçirilən tarla baxışına Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının (APİA) sədri Fərid Firidunov, APİA-nın layihələr üzrə koordinatoru Cavid Şahmuradov, institutun araşdırmaçı-aqronomu Ayxan Vəkilzadə və müstəqil auditor Kadir Taşdelen qatıldı. Tədbərin əsas məqsədi pambıqçılıqda BCI standartlarının tətbiqi prosesini qiymətləndirmək və ölkəmizin bu beynəlxalq təşəbbüsə üzvlük şərtlərini müzakirə etmək idi.
Tarla baxışı zamanı təcrübə sahələrində pambıq bitkisinin yetişdirilməsi üzrə aparılan işlər, əkinçilik texnologiyaları və ətraf mühitin qorunması ilə bağlı tədbirlər diqqətlə incələndi. Eyni zamanda, BCI standartlarının yerli şəraitə uyğunlaşdırılması və pambıq istehsalının davamlı inkişafı üçün görüləcək tədbirlər müzakirə olunub.
Görüş iştirakçıları pambıqçılıq sektorunun beynəlxalq standartlara uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayaraq, ölkəmizin Better Cotton Initiative təşkilatına üzvlüyünün pambıq istehsalında keyfiyyətin artırılması və ekoloji davamlılığın təmin edilməsi baxımından vacib addım olduğunu qeyd etdilər. Müzakirələr nəticəsində, gələcəkdə daha effektiv əməkdaşlıq və informasiya mübadiləsi üçün bir sıra təkliflər irəli sürüldü və tətbiq olunması planlaşdırılan strategiyalar müəyyənləşdirilib.
