Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası (APİA) olaraq ölkəmizdə pambıqçılıq sektorunun səmərəliliyinin artırılması, fermerlərimizin dəstəklənməsi və sahəyə elmi-innovativ yanaşmaların tətbiqi əsas prioritetlərimizdəndir.
Bu məqsədlə “Prime Cotton” ilə qurulan sıx əməkdaşlıq çərçivəsində fermer sınaq sahələrində müxtəlif pambıq çeşidlərinin yerli coğrafi və aqroiqlim şəraitinə uyğunlaşma imkanlarını ardıcıl şəkildə araşdırırıq. Sevindirici haldır ki, artıq sınaq sahələrində yığım prosesinə rəsmi olaraq başlanıldı!
Bu araşdırmaların strateji əhəmiyyəti nədən ibarətdir?
- 🔹 Elmi qiymətləndirmə: Yeni və perspektivli pambıq toxumlarının Azərbaycanın torpaq-iqlim xüsusiyyətlərinə biotik və abiotik amillərə qarşı dözümlülüyü, məhsuldarlıq və lif keyfiyyəti göstəriciləri sahə şəraitində dəqiq analiz olunur.
- 🔹 Fermer mərkəzli yanaşma: Sınaqların bilavasitə fermer sahələrində aparılması, əldə olunan nəticələrin birbaşa istehsalatda tətbiqinə və risklərin minimuma endirilməsinə xidmət edir.
- 🔹 Strateji hədəflərin reallaşmasına birbaşa xidmət edir: Bu fəaliyyət Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş pambıqçılığın dayanıqlı inkişafına dair Dövlət Proqramının strateji hədəfləri ilə tam uzlaşır və onların reallaşmasına birbaşa xidmət edir. Əsas məqsədimiz su ehtiyatlarına qənaət edən, iqlim dəyişikliklərinə davamlı və yüksək rentabelli pambıqçılıq modelinin formalaşmasına töhfə verməkdir.
İstehsalçılarımızın maraqlarını qorumaq, yerli pambıqçılığın rəqabət qabiliyyətini artırmaq və innovativ təcrübələri fermerlərimiz üçün əlçatan etmək istiqamətində fəaliyyətimizi qətiyyətlə davam etdiririk.
Zəhmətkeş fermerlərimizə və sahədə çalışan bütün komandaya uğurlu və bol bərəkətli yığım mövsümü arzulayırıq!

